24.10.2024

Aprel və Tovuz döyüşlərinin iştirakçısı, Vətən müharibəsi şəhidi Səxavət Məmmədovun ailəsi ziyarət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev şəhid Səxavət Məmmədovun Sabunçu rayonunda yaşayan ailəsini ziyarət edib. 

Ziyarət zamanı şəhidimizin vətənpərvərliyindən və döyüş yolundan danışılıb. Şəhidimizin xatirəsinin daim əziz tutulacağı, ailənin bundan sonra da qayğı ilə əhatə olunacağı vurğulanıb.

Səxavət Adıgözəl oğlu Məmmədov 29 sentyabr 2020-ci il tarixində Ağdərə uğrunda gedən döyüşlər zamanı şəhid olub. Prezident İlham Əliyevin Sərəncamları ilə o, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Qeyd edək ki, şəhidimiz Aprel və Tovuz döyüşlərində də iştirak edib. 

Şəhidin ailəsi zəruri sosial dəstək tədbirləri ilə əhatə olunmaqla yanaşı, sosial ödənişlər təyin edilib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhidimizin ailəsi mənzillə təmin olunub.