06.10.2025

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Beş il əvvəl, 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri Ermənistan silahlı qüvvələrinin işğalından azad edilib.

Cəbrayıl şəhərinin işğaldan azad edilməsini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin gün xalqa müraciətində elan edib. Möhtəşəm tarixi Zəfər əldə etdiyimiz Vətən müharibəsində Cəbrayıl işğaldan azad edilən ilk şəhərimiz olub.

2020-ci il noyabrın 16-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər ediblər və dövlətimizin başçısı Cəbrayıl şəhərində və Xudafərin körpüsündə üçrəngli bayrağımızı qaldırıb.

Ölkə Prezidentinin Sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” medalı təsis olunub və hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü qeyd olunur.

İşğaldan azad edilmiş digər ərazilərimiz kimi, Cəbrayılda da genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Görülən işlər nəticəsində Cəbrayıl yeni inkişaf dövrünü yaşayır. Doğma yurd həsrətinə son qoyulmuş Cəbrayıl sakinləri isə sonsuz sevinc və iftixar duyğuları ilə ata-baba torpaqlarına qayıdırlar.