Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin daimi Günərzi Qayğı Mərkəzlərində həssas əhali qruplarından olan uşaqlara müxtəlif sosial xidmətlər göstərilir.
Agentliyin Abşeron, Pirallahı və Xəzər (Abşeron rayonu Saray qəsəbəsi, Pirallahı rayonu Səməd Vurğun küçəsi, Xəzər rayonu Mərdəkan qəsəbəsi) rayonlarında yerləşən sosial xidmət müəssisələrinin nəzdində fəaliyyət göstərən həmin mərkəzlər xüsusi qayğıya ehtiyacı olan şəxsləri yarımstasionar formada zəruri xidmətlərlə təmin edir.
Bu mərkəzlərdə əlilliyi olan uşaqlar bir sıra sosial-reabilitasiya xidmətlərinə cəlb olunurlar.
Mərkəzlərə qəbul olunan uşaqlar həftənin beş günü saat 9:00-dan 18:00-dək sosial-məişət, tibbi-sosial, sosial-psixoloji və sosial-pedaqoji xidmətlərdən yararlanırlar.
Agentliyin mütəxəssisləri tərəfindən şəxslərin psixo-sosial reabilitasiyası, fərdi və qrup işlərinə cəlb olunması, idman, rəqs, musiqi və digər məşğələlərə, müxtəlif tədbirlərə qoşulmaları, həmçinin valideynlər üçün valideynlik bacarıqlarının artırılması üzrə təlim proqramlarının təşkili və digər xidmətlər göstərilir.
Bu mərkəzlərin xidmətlərindən yararlanmaq üçün Sosial Xidmətlər Agentliyinə, Agentliyin müvafiq filiallarına, eləcə də “DOST” mərkəzlərinə müraciət etmək mümkündür.