04.07.2025

Gəncədə “Himayədar ailə” qayğı modeli barədə ictimai dinləmə keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Gəncə şəhərində “Himayədar ailə” qayğı modeli barədə məlumatlandırma mövzusunda ictimai dinləmə keçirilib. 

Gəncə Dövlət Universitetində keçirilən tədbirdə Sosial Xidmətlər Agentliyinin, Şəhər İcra Hakimiyyətinin və digər dövlət və özəl, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri, tələbələr, mövzu ilə bağlı müraciət edən vətəndaşlar iştirak ediblər. 

Ümumilikdə 200-ə yaxın şəxsin iştirak etdiyi görüşdə Agentliyin Gəncə-Daşkəsən regional filialının müdiri Hikmət Əmiraslanov iştirakçılara Agentliyin fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial xidmətlər barədə məlumat verib. 

Agentliyin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin şöbə müdiri Samir Hüseynov “Himayədar ailə” qayğı modeli, bu modelin üstünlüklərindən danışıb.
 
Tədbirdə “Himayədar ailə” institutunun hüquqi əsasları, himayədar valideyn olmaq istəyən şəxslərin qiymətləndirmə prosesi barədə təqdimatlar edilib, müzakirələr aparılıb və suallar cavablandırılıb.

Qeyd edək ki, Agentlik tərəfindən müxtəlif mövzulara həsr olunan ictimai dinləmələr mütəmadi olaraq təşkil edilir.