07.11.2025

Günərzi qayğı mərkəzinin xidmətlərindən yararlanan uşaqlar şəhid ailələrini ziyarət ediblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi ilə fəaliyyət göstərən Sabirabad günərzi qayğı mərkəzinin benefisiarları Agentliyin əməkdaşlarının müşayiəti ilə şəhid ailələrini ziyarət ediblər. 

Sabirabad rayonunda yaşayan ailələrə səfər edən uşaqlar şəhidlərimizin ailə üzvləri, eləcə də yadigarları olan övladları ilə həmsöhbət olublar, onların həyatı, keçdikləri döyüş yolu və qəhrəmanlıqlarını dinləyiblər. 

Ziyarətlər zamanı Vətən müharibəsi şəhidləri mayor Anar Məmmədov, mayor Şahlar Cəfərov, Süleyman Qarayev, Xalid Hassan və Elnur Tağıyevin əziz xatirəsi yad edilib. 

Agentliyin əməkdaşları şəhid ailələrinin sosial vəziyyəti ilə maraqlanıb, onların bundan sonra da daim dövlət qayğısı ilə əhatə olunacaqlarını bildiriblər.

Ziyarətlər gənc nəsilə qəhrəmanlarımızı tanıtmaq və onlara vətən sevgisini aşılamaq məqsədi daşıyıb.