28.11.2025

Məktəblərdə məişət zorakılığı ilə mübarizə mövzusunda maarifləndirici görüşlər keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Nazim İsmayılov adına 80 nömrəli və İlqar Əliyev adına 96 nömrəli tam orta məktəblərdə “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub. 

Tədbirlərdə Agentliyin əməkdaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, məktəb müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər. 

Çıxışlar zamanı iştirakçılara məişət zorakılığının səbəbləri, onun fiziki, psixoloji, iqtisadi və digər formaları, zorakılığın qarşısının alınması üçün diqqət edilməli məqamlar, eləcə də mövcud hüquqi müdafiə mexanizmləri barədə ətraflı məlumat verilib. Mövzuyla bağlı təqdimatlar nümayiş etdirilib.

Məktəblilərin qonaqlara ünvanladıqları suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.