Ötən dövrdə Qax rayonunda 840 şəxs üçün özünüməşğulluq proqramının dəstəyi ilə kiçik təsərrüfatlar qurulub
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev özünüməşğulluq proqramı çərçivəsində Qax rayon sakinləri Abidov Tofiq Bədrəddin oğlu və Əliyeva Nərmin Vəli qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.
Özünüməşğulluq proqramı üzrə verilmiş avadanlıqlar hesabına T.Abidov avtomobil şinlərinin bərpası və təmiri, N.Əliyeva isə qadın gözəllik salonu üzrə kiçik biznes sahələrini yaradıblar.
Hər iki proqram iştirakçısı işsiz şəxslərin kiçik biznesə çıxışının dəstəklənməsi üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. Onlar qurduqları kiçik təsərrüfatların fəaliyyəti barədə məlumat verib, biznes sahələrini genişləndirməyə səy göstərdiklərini qeyd ediblər.
Mühüm sosial-iqtisadi əhəmiyyəti ilə seçilən özünüməşğulluq proqramı çərçivəsində ötən dövrdə Qax rayonunda da 840 nəfərə aktivlər verilərək onlar üçün kiçik təsərrüfatlar yaradılıb.