Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən cəzaçəkmə müəssisələrində aparılan sosial reabilitasiya tədbirləri davam etdirilir.
Agentliklə Ədliyyə Nazirliyinin Penitensiar xidməti arasında imzalanmış birgə tədbirlər planına uyğun olaraq aparılan işlər azadlıqdan məhrum edilmiş şəxslərin cəmiyyətə reinteqrasiyası və sosial adaptasiyası məqsədi daşıyır.
Sosial Xidmətlər Agentliyinin əməkdaşları bu dəfə Lənkəran Penitensiar Kompleksinə baş çəkərək cəza müddətinin sonuna az qalmış məhkumlarla görüşüblər.
Görüş iştirakçılarına Agentliyin fəaliyyət istiqamətləri və sosial adaptasiya prosesi barədə məlumatlar verilib. Bildirilib ki, cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin sosial reabilitasiyası məqsədilə mütəxəssislər onların ailələrinə səfərlər edir, aparılan qiymətləndirmənin nəticəsindən asılı olaraq həmin şəxslər sosial-psixoloji, həmçinin digər müvafiq xidmətlərlə təmin olunurlar.
Sonra məhkumları maraqlandıran suallar cavablandırılıb və aidiyyəti üzrə izahatlar verilib.
Qeyd olunan başçəkmələr zamanı cəzasının başa çatmasına üç ay müddət qalmış 17 nəfər məhkumla əlaqəli məlumatlar toplanılıb və qiymətləndirmə aparılıb. Həmin şəxslər azadlığa çıxdıqdan sonra onların sosial-psixoloji yardım xidmətinə cəlb edilməsi nəzərdə tutulur.
Agentlik əməkdaşları tərəfindən bu ilin ötən dövründə 23 cəzaçəkmə müəssisəsinə səfər edilib.