09.10.2024

Sosial Xidmətlər Agentliyi tərəfindən daha 20 məhkumun qiymətləndirilməsi aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə adaptasiyası məqsədilə növbəti görüş təşkil edilib. 

Ədliyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində 1 saylı cəzaçəkmə müəssisəsində keçirilən tədbirdə Agentliyin fəaliyyət istiqamətləri, məhkumların sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər barədə məlumatlar verilib. Eləcə də narkomaniya ilə mübarizə və narkotikdən əziyyət çəkən şəxslərin sağlam sosial həyata inteqrasiyası istiqamətində təqdimat edilib. 

İştirakçılar Agentliyin Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzində göstərilən xidmətlərlə tanış edilib. Mərkəzdə müvafiq kateqoriyadan olan şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması məqsədilə işlərin aparıldığı, sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı və sosial-məişət xidmətləri ilə təmin edildikləri qeyd olunub. Onların sosial-psixoloji reabilitasiyası və adaptasiyası tədbirləri, “Sosial işin idarə edilməsi” (“Keys Menecment”) sistemi haqqında çıxışlar edilib. 

Məhkumluqdan azad olunmasına üç ay qalan 20 şəxsin anket sorğusu əsasında qiymətləndirilməsi də aparılıb. Məhkumluqdan azad olunduqdan sonra onların sosial-psixoloji yardım xidmətinə cəlb edilməsi nəzərdə tutulur.