Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən əlilliyi olan daha 8 gənc Türkiyəyə təcrübə mübadiləsi üçün yola salınıb. Onlardan 1-i Vətən müharibəsi əlilləridir.
Səfər Avropa İttifaqının Avropa Həmrəylik Korpusu Proqramı çərçivəsində Agentliyin Türkiyənin Fiziki məhdudiyyətli şəxslərin dərnəkləri federasiyası ilə icra etdiyi birgə layihə və “Sağlam Düşüncə” Gənclər Təşkilatı İctimai Birliyi ilə imzaladığı memorandum əsasında Türkiyə Milli Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Türkiyəyə yola salınan gənclərlə görüşərək onlara uğurlar arzulayıb.
Sədr bildirib ki, Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində 2024-cü ilin ötən dövründə 400-ə yaxın şəxsə xidmət göstərilib. Onlardan 15 nəfəri Vətən müharibəsi əlilləridir.
Bu ilin ötən dövründə Mərkəzin 26 yetirməsi Türkiyəyə təcrübəyə göndərilib. Bu təcrübə mübadiləsi proqramı sosial reabilitasiya və sosial dəstək baxımından xüsusi əhəmiyyət daşıyır.
Diqqətə çatdırılıb ki, qardaş ölkədəki müvafiq peşə dərnəklərində təcrübə kurslarına yola salınan gənclər 2 ay ərzində Türkiyədə olacaqlar.
2017-ci ildən həyata keçirilən layihə çərçivəsində 16 nəfəri Vətən müharibəsi əlili olmaqla, ümumilikdə bu kateqoriyadan olan 155 gənc mübadilə proqramına cəlb edilib.