13.10.2024

Sosial Xidmətlər Agentliyinin əməkdaşları ahıl dəmiryolçuları peşə bayramında ziyarət ediblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları ahıl ər-arvad Yelena Pavlovna Kalabekova və Valeriy Artyomoviç Kalabekovu 13 oktyabr - Azərbaycan dəmiryolçularının peşə bayramı günündə ziyarət ediblər. 

71 yaşlı Yelena Kalabekova və 75 yaşlı Valeriy Kalabekov 1971-ci ilin oktyabrında Şirvan şəhərində ailə həyatı qurublar. 

Onlar uzun illər Azərbaycan Dəmir Yollarında çalışıblar. 

Hacıqabul rayonunda yaşayan cütlük 2022-ci ildən tənha ahıl kimi sosial xidmətə cəlb olunub. 

Agentliyin sosial xidmətçisi tərəfindən onlara evdə səyyar sosial-məişət xidməti göstərilir. 

Ziyarət zamanı ahıllarla həmsöhbət olan əməkdaşlar dəmiryolçuları peşə bayramı münasibətilə təbrik edib, onlara can sağlığı və uzun ömür arzu ediblər. 

Ahıllarımızın bundan sonra da dövlətin qayğısı ilə əhatə olunacağı qeyd edilib. Ailə onlara göstərilən diqqətə görə minnətdarlıq ediblər. 

Qeyd edək ki, hazırda Sosial Xidmətlər Agentliyi tərəfindən respublika üzrə 3311 nəfərə evdə səyyar sosial-məişət xidməti göstərilir. Onlardan 3020 nəfəri ahıl şəxslərdir.