06.10.2025

Sosial Xidmətlər Agentliyinin əməkdaşları Beynəlxalq Müəllimlər Günü münasibətilə ahıl müəllimləri ziyarət ediblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə ahıl müəllimləri ziyarət ediblər. 

Əməkdaşlar vaxtilə müəllim kimi çalışmış və hazırda Agentlik tərəfindən evdə (səyyar) sosial-məişət xidməti göstərilən ahılları peşə bayramları münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıblar. 

Ahıllarımızın bundan sonra da dövlətin qayğısı ilə əhatə olunacağı qeyd edilib. 

Ziyarət edilən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə edib, bu xoş münasibətin onlara böyük sevinc gətirdiyini bildiriblər. 

Hazırda Agentlik tərəfindən evlərində sosial-məişət xidməti göstərilən tənha ahıl şəxslərdən 350 nəfəri əvvəllər müəllim işləmiş şəxslərdir.