Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Qazax-Tovuz regional filialının əməkdaşları şəhid Nəcəf Hüseynovun Gədəbəy rayonunda yaşayan nənəsi Gülzə Hüseynovanı ziyarət ediblər.
Agentlik tərəfindən şəhidimizin nənəsinə evdə səyyar sosial məişət xidməti göstərilir.
Filial əməkdaşları Gülzə xanımın vəziyyəti ilə maraqlanıb, ailənin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağı bildirilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələri ilə bağlı həyata keçirilən sosial dəstək tədbirləri son illərdə daha da gücləndirilib.
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Nəcəf İlqar oğlu Hüseynov 2020-ci il sentyabrın 30-da Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhidimiz, dünyaya gəldiyi Gədəbəy rayonunun Arıqıran kəndində dəfn olunub.
Şəhidimiz Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə "Vətən uğrunda” və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.