11.10.2024

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Ağcabədi rayonunda vətəndaşlarla görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Ağcabədi rayonunda vətəndaş qəbulu keçirib. Qəbulda Ağcabədi ilə yanaşı, Bərdə sakinləri də iştirak edib. 

20-ə yaxın vətəndaşın iştirak etdiyi görüşdə imtiyazlı şəxslərin mənzil (fərdi ev) təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat və s. mövzularda müraciətləri cavablandırılıb. 

Vətəndaş qəbulları mütəmadi olaraq müxtəlif rayonlarda təşkil edilir və müraciətlərə baxılması işinin səmərəliliyinin artırılması məqsədi daşıyır. 

Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətlərinə dair müraciəti olan hər bir vətəndaş qəbulda iştirak edə bilər. Bunun üçün vətəndaşlar (012) 525-41-30 (daxili 5625) telefon nömrəsinə zəng edə, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə, yerli filiala yaxınlaşa, o cümlədən Agentliyin sosial şəbəkə hesablarına müraciət edə bilərlər.