Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndə heyəti Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyinə təcrübə səfəri edib. Səfər “Anka Uşaqlara Dəstək Proqramı”nın iş prinsiplərinin öyrənilməsi, qabaqcıl təcrübələrin mənimsənilməsi və qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədi daşıyıb.
Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Uşaq Xidmətləri Baş İdarəsində də olub. Görüş zamanı qurumun fəaliyyəti və uşaqlarla bağlı sosial xidmət modelləri barədə geniş təqdimatlar edilib.
Nümayəndə heyəti həmçinin Ayaş Uşaq Evləri Kompleksini ziyarət edib, burada uşaqlar üçün yaradılmış sosial və psixoloji reabilitasiya mühiti, təhsil və asudə vaxt imkanları ilə tanış olub. Əməkdaşlara kompleksdəki fəaliyyətin təşkili və idarəetmə mexanizmləri sahəsində aparılan işlər barədə ətraflı məlumat verilib.
Bu kimi beynəlxalq təcrübə mübadilələri uşaqların sosial müdafiəsi sahəsində innovativ yanaşmaların öyrənilməsi və ölkəmizdə tətbiq ediləcək yeni sosial xidmət modellərinin formalaşdırılmasında mühüm rol oynayır.