29.10.2025

Ukraynalı uşaqların İçərişəhərə ekskursiyası təşkil olunub

Reabilitasiya xidmətlərinə cəlb edilmələri üçün ölkəmizə gətirilmiş daha 30 uşağın “İçərişəhər” Dövlət Tarixi-Memarlıq qoruğuna ekskursiyası təşkil olunub. 

Uşaqlar bələdçilərin təqdimatları vasitəsilə Azərbaycanın zəngin tarixi və mədəni irsi barədə maraqlı məlumatlar əldə ediblər. 

Bakının müxtəlif görməli yerləri ilə tanış olan ukraynalı uşaqların digər tarixi məkanlara  səfərləri də təşkil olunacaq. Bu ekskursiyalar vasitəsilə uşaqlar həm öyrənəcək, həm də səmərəli vaxt keçirəcəklər.

10 günlük sosial reabilitasiya proqramı Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarına dəstək məqsədi daşıyır. 

Onlar üçün artıq reabilitasiya proqramına başlanıb. Uşaqların Qəbələ və Şəkidə bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlər, milli mətbəxlə tanışlıq və digər ustad dərslərinə cəlb olunması da nəzərdə tutulur.