44 günlük Vətən müharibəsində şücaət göstərərək möhtəşəm Zəfərimizə öz töhfəsini verən Cəlal Quluzadə hazırda bərbər kimi fəaliyyət göstərir. Müharibədən sonra da o, cəmiyyətə faydalı olmaq üçün yorulmadan çalışır.
Vətən müharibəsinə könüllü olaraq yollanan Cəlal Füzuli, Qubadlı və Laçının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 3-cü dərəcə əlilliyi olan qəhrəmanımız müharibə zamanı qapalı kəllə-beyin silkələnməsindən sonra ağır yaralanıb. O, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
C.Quluzadə sosial dəstək tədbirləri ilə əhatə olunub. Eləcə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3 otaqlı, tam təmirli mənzillə təmin edilib.