17.10.2024

Vətən müharibəsi şəhidimizin ailəsi ziyarət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Zaur İbrahimov şəhid Rəşad Novruzovun ailəsini ziyarət edib. 

Rəşad Elşad oğlu Novruzov 9 noyabr 2020-ci il tarixində Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 

Prezident İlham Əliyevin Sərəncamları ilə o, ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Şücaətə görə”, “Cəsur döyüşçü”, “Vətən Uğrunda” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. 

Şəhidin ailəsi Nazirlik tərəfindən üçotaqlı mənzillə təmin edilib, həmçinin ailəyə sosial ödənişlər təyin edilib.  

Görüş zamanı şəhidimizin vətənpərvərliyindən, göstərdiyi igidliklərdən bəhs olunub. Bütün şəhidlərimiz kimi, Rəşad Novruzovun da xatirəsinin daim əziz tutulacağı vurğulanıb. Ailənin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağı diqqətə çatdırılıb.