alt text


Mənzil Təminatı

 

Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli, 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli və 25 avqust 2021-ci il tarixli 2871 nömrəli sərəncamları, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli sərəncamı ilə əhatə olunan imtiyazlı şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-məişət şəratinin yaxşılaşdırılması nəzərdə tutulub.
 

Göstərilən sərəncamlarla əhatə olunan imtiyazlı şəxslər aşağıdakılardır:
1. 2020-ci il yanvar ayının 1-dək imtiyazı yaranmış və 2023-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri;

2. Uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;

3. Yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri;

4. Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvləri;

5. 16 avqust 2021-ci il tarixinə kimi Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərlərində uçota alınmış gözdən əlilliyi olan şəxslər, habelə qeyd edilən tarixədək uçota alınmış uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları.


İmtiyazlı şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün tələb olunan sənədlər aşağıdakılardır:
1. Mənzil növbəsində olması haqqında müvafiq yerli icra hakimiyyəti orqanının sərəncamının surəti;

2. Ailə üzvü olan hər bir şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

3. 18 yaşından yuxarı hər bir ailə üzvü üçün mülkiyyətində daşınmaz əmlakın olub-olmaması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətindən arayış;

4. 18 yaşından yuxarı hər bir ailə üzvü üçün torpaq sahəsinin ayrılıb-ayrılmamasına dair qeydiyyat ünvanları üzrə bələdiyyədən arayış;

5. Əlilliyini təsdiq edən müvafiq sənədin və ya şəhid ailə üzvü vəsiqəsinin surəti;

6. Qeydiyyatda olduğu ünvandan arayış (Forma-2, evin kimə məxsus olması barədə sənədin surəti);

7. Faktiki yaşayış yerindən arayış (evin kimə məxsus olması barədə sənədin surəti);

8. Ailə vəziyyəti ilə bağlı digər sənədlər.

Yuxarıda göstərilən imtiyazlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq və ailə tərkibi nəzərə alınmaqla növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilirlər.