Azərbaycan Respublikasının Prezidentinin “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər” haqqında 393 nömrəli 10.12.2018-ci il tarixli Fərmanı ilə Övladlığagötürmə sahəsində dövlət siyasəti və tənzimlənmə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə aid edilib.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələbinə uyğun olaraq övladlığagötürmə aşağıdakı qaydada həyata keçirilir.
Övladlığa uşaq götürmək istəyən şəxslər elektron qaydada aşağıdakı kimi müraciət edə bilər:
Övladlığa uşaq götürmək istəyən valideyn-namizəd(lər)in özü və onunla birgə yaşayan 18 yaşdan yuxarı olan şəxslər ilə birlikdə notariat orqanına müraciət edilir və övladlığagötürmə ilə bağlı ərizə alınır.
Notarial qaydada təsdiq edilən ərizə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə altsistemə ötürüldükdən sonra valideyn-namizəd tərəfindən övladlığagötürmə ilə bağlı müraciət etmək üçün Nazirliyin “e-sosial.az” internet portalında “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə altsistemi” ndə qeydiyyatdan keçməklə şəxsi kabinet yaradılır.
Şəxsi kabineti yaratmaq üçün istifadəçilər ASAN Loginə sahib olmalıdırlar. ASAN Login əldə etmək üçün lazımdır:
Asan nömrəyə SMS vasitəsilə gələn kodu daxil etməklə qeydiyyatdan keçir.
Şəxsi kabineti yaradaraq qeydiyyatdan keçən şəxslər tərəfindən aşağıda göstərilən xəstəliklərin olub-olmamasına dair (psixiatrın rəyi də daxil olmaqla) valideyn-namizəd(lər)in (və onunla birgə eyni ünvanda yaşayan şəxsin) əyani tibbi müayinəsi əsasında əldə edilən sənədləri altsistemə daxil edirlər.
Övladlığagötürməyə imkan verməyən xəstəliklər aşağıdakılardır:
1. Dispanser müşahidəsinin I, II və V qruplarına aid olan şəxslərdə vərəm xəstəliyi
2. Bütün növ infeksion (yoluxucu) xəstəliklər
3. Lokalizasiyasından asılı olmayaraq III və IV dərəcəli bədxassəli yenitörəmələr
4. Dispanser müşahidəsi bitənədək psixi (ruhi) və davranış pozuntuları
5. Narkomaniya, toksikomaniya (dərman asılılığı) və alkoqolizm.
Övladlığa uşaq götürmək istəyən şəxs(lər) və onlarla birgə eyni ünvanda yaşayan şəxs(lər) tibbi müayinələrdən keçmək üçün ölkə üzrə müəyyən edilmiş aşağıdakı tibb müəssisələrində müayinələrdən keçə bilərlər:
1. Bakı şəhər qeydiyyatında olan şəxslər - 5 nömrəli şəhər Poliklinikasında;
2. Övladlığa uşaq götürmək istəyən şəxs(lər)lə birgə eyni ünvanda yaşayan 18 yaşına qədər olan şəxslər - Akademik M.Ə.Mirqasımov adına Respublika Uşaq Kliniki Xəstəxanası
3. Digər şəhər/rayon qeydiyyatında olan şəxslər isə - Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanası, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ, “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” PHŞ, “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də.
Övladlığa götürmə üç mərhələdə həyata keçirilir:
1. Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması;
2. Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi;
2.1. Övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması;
2.2. Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;
2.3. Övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;
2.4. Övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;
2.5. Övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.
3. Övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi.
Övladlığa götürmək üçün müraciət edən şəxslərə dair şərtlər aşağıdakılardır:
Aşağıdakılar istisna olmaqla, hər iki cinsdən olan şəxs (şəxslər) övladlığa götürən ola bilər:
1. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;
2. Məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər;
3. Qanunla üzərinə qoyulan vəzifəni yerinə yetirmədiyinə görə qəyyum və ya himayəçi vəzifələrindən kənarlaşdırılmış şəxslər;
4. Əvvəllər məhkəmə tərəfindən təqsirkar bilinərək bu hüququ ləğv edilmiş şəxslər;
5. Səhhətinə görə valideyn vəzifələrini həyata keçirə bilməyən şəxslər;
6. Məhkumluğun götürülməsi və ödənilməsi nəzərə alınmadan, sülh və insanlıq, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, həyat və sağlamlıq, şəxsiyyətin azadlığı və ləyaqəti, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə, yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə qəsdən törədilən ağır və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər və bu cinayətləri törətdiyinə görə barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş şəxslər;
7. Barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər, cinayət təqibi müddətində;
8. Ailədə adambaşına düşən orta aylıq gəliri ailə üzvlərinin hər biri üçün (övladlığa götürüləcək uşaq da nəzərə alınmaqla) ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun məbləğindən (Azərbaycan Respublikası vətəndaşı olan uşaqları övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün yaşadıqları ölkə üzrə orta aylıq əməkhaqqının 2 (iki) mislindən) az olan şəxslər (ögey ata (ögey ana) və qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla);
9. Övladlığa götürməyə, qəyyumluğa və himayəyə qəbul etməyə imkan verməyən xəstəliklərin siyahısı ilə müəyyən edilmiş xəstəlikləri olan şəxslər;
10. Nikahda olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları);
11. Mülkiyyətində, orada yaşayan hər bir şəxs nəzərə alınmaqla yerləşdiyi ölkənin müvafiq qanunvericiliyinə əsasən minimum normadan az yaşayış sahəsi olan Azərbaycan Respublikası vətəndaşı olan uşağı övladlığa götürmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
12. Ögey ata (ögey ana), habelə qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla yaşı 30-dan az olan nikahda olmayan şəxslər;
13. 6, 7 və 9-cu bəndlərdə qeyd olunan tələblər eyni zamanda uşağı övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxslərə münasibətdə də tətbiq edilir.
14. Aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər.