Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin nəticəsi olaraq Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarımızın, həssas əhali qruplarından olan  şəxslərin sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası tədbirləri ildən-ilə genişlənir. Onlar sosial müdafiə tədbirləri ilə əhatə olunur, bu məqsədlə davamlı olaraq mühüm sosial dəstək proqramları icra olunur.
 

Son illər ölkədə həyata keçirilən sosial yönümlü layihələr əhalinin sosial rifahının yüksəldilməsinə hesablanıb. Sosial qayğıya daha çox ehtiyacı olan aztəminatlı ailələrin, xüsusilə şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial məişət şəraitinin yaxşılaşdırılması qarşımızda qoyulan əsas hədəflərdəndir.
 

Sosial Xidmətlər Agentliyi sosial xidmətə ehtiyacı olan şəxslərə “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyəti həyata keçirir.
 

Agentlik 7-dən 77-yə, hətta deyərdim bütün yaş kateqoriyalarında əhaliyə xidmət göstərir.
 

Agentliyin bütün ölkəni əhatə edən 13 filialı ilə yanaşı, 21 müəssisəsi ilə səyyar, yarımstasionar və stasionar xidmətlər göstərilir və bu xidmətlər minlərlə şəxsi əhatə edir.
 

Əminəm ki, sosial xidmət, imtiyazlı şəxslərin mənzil və fərdi evlər, eləcə də avtomobillərlə təminatı, övladlığagötürmə, himayədar ailə və bu kimi digər fəaliyyət sahələrimiz üzrə qarşımıza qoyulan tapşırıqları bundan sonra da uğurla icra edəcəyik.

 




 

Vüqar Behbudov

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin Sədri