alt text


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən aşağıda qeyd olunan kateqoriyaya aid imtiyazlı şəxslər sanatoriya-kurort müalicəsi məqsədilə yollayışla təmin edilirlər:


•    Aktiv əmək müqaviləsi və aktiv VÖEN-i olmayan əlilliyi olan şəxslər (istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər və "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq əlilliyə görə pensiya almaq hüququ olan hərbi qulluqçular və onların ailə üzvlərinin istisna olmaqla);
•    18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;
•    İkinci Dünya müharibəsi iştirakçıları;
•    Şəhid ailələri;
•    Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçıları, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqlar və ya 18 yaşınadək yeniyetmələr, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqlar;
•    Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
•    Fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlar.

Əlilliyi olmayan şəxslərin müraciət qaydası
İkinci Dünya müharibəsi iştirakçıları, şəhid ailələri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar və fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlar sanatoriya-kurort putyovkası ilə təmin olunmaq məqsədilə növbəyə alınmaq üçün qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsinin sanatoriya-kurort arayışına əsasən regionlarda Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin regional filialına, Bakı şəhəri və Abşeron rayonunda isə müvafiq DOST mərkəzinə müraciət edə bilər.
 

Əlilliyi müəyyən edilmiş şəxslərin müraciət qaydası
Əlilliyi olan şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, Çernobil AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsinin iştirakçıları, eləcə də köçürülmə günü ana bətnində olan uşaqlar da daxil edilməklə, uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş uşaqlar və ya 18 yaşınadək yeniyetmələr, habelə 1986-cı il aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də qəzanın nəticələrinin ləğv edilməsinin iştirakçısı olmuş yaxud Çernobıl qəzası nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq ehtimalı olmuş valideynlərin birindən olan uşaqlar sanatoriya-kurort putyovkası ilə təmin olunmaq məqsədilə növbəyə alınmaq üçün Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yerli filiallarının sanatoriya-kurort müalicəsinə göstərişinə əsasən regionlarda Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin regional filialına, Bakı şəhəri və Abşeron rayonunda isə müvafiq DOST Mərkəzinə müraciət edə bilər.