18.10.2024

18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar üçün Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar və onların valideynləri üçün Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya təşkil edilib. 

Agentliyin Sabunçu Sosial Xidmət Mərkəzinin sosial reabilitasiya proqramına cəlb olunan həmin uşaqlar muzeydə nümayiş etdirilən müxtəlif arxeoloji və etnoqrafik materiallar, həmçinin eksponatlarla tanış olublar. 

Ekskursiyanın məqsədi həssas kateqoriyadan olan uşaqların ictimai inklüziyası, asudə vaxtının səmərəli təşkili, onların dünyagörüşünün, eləcə də xalqımızın qədim tarixi, mədəni irsi, milli-mənəvi dəyərləri haqqında bilik səviyyəsinin artırılmasıdır. 

Qonaqlar Vətən müharibəsindəki şanlı qələbəmizə həsr edilən ekspozisiya ilə yaxından tanış olmaq imkanı da əldə ediblər. 

Sonra Muzeyin əməkdaşları tərəfindən uşaqlar üçün “Xarı Bülbül-Şuşanın simvolu” adlı ustad dərs təşkil edilib. Uşaqlara gips fiquru üzərində Xarıbülbül çiçəyinin rənglənmə qaydası öyrədilib və hazırladıqları nümunələr azyaşlılara hədiyyə edilib.