alt text

Evdə (səyyar) sosial-məişət xidməti


Ümumi məlumat

Bu Qayda “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən hazırlanmışdır və əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə, xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə evdə (səyyar) sosial xidmətin göstərilməsi məsələlərini tənzimləyir.

Evdə (səyyar) sosial xidmət həmin xidmətin xarakterindən asılı olaraq, sosial işçi və sosial xidmətçi tərəfindən göstərilir.

Sosial işçi tərəfindən göstərilən xidmətlərə aşağıdakılar daxildir:

1. Sosial xidmətə ehtiyacı olan şəxsə tibbi və psixoloji yardım və hüquqi məsləhət almaqda köməklik göstərmək;

2. Qəyyumluq və himayəçilik sənədlərinin hazırlanmasına, tənha-ahıl vətəndaşların və əlilliyi olan şəxslərin internat evinə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə müvafiq xüsusi təhsil müəssisələrinə göndərilməsi üçün lazımi sənədlərin toplanmasına köməklik göstərmək;

3. Əlilliyi olan şəxslərə reabilitasiya xidməti göstərmək;

4. 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin gündəlik həyatda lazım olan vərdiş və bacarıqlarını, böyük və kiçik motorika, ünsiyyət və koqnitiv bacarıqlarını inkişaf etdirmək;

5. 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin sosial uyğunlaşmasına dəstək vermək;

6. 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər inkişafı üçün valideynlərə müvafiq məsləhətlər vermək, o cümlədən zəruri yardımçı cihaz və vasitələrdən istifadəni öyrətmək;

7. Ailənin sosial inkluziyasına köməklik göstərmək;

8. 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin ehtiyaclarının ödənilməsi və problemlərinin həlli məqsədi ilə müvəkkillik fəaliyyətini həyata keçirmək.

Sosial xidmətçi tərəfindən göstərilən xidmətlərə aşağıdakılar daxildir:

1. Yemək hazırlanmasına kömək etmək (o cümlədən diyetik yeməklər);

2. Özünə qulluq edə bilməyən xəstələri yedizdirmək və qabları yumaq;

3. Şəxsin çimizdirilməsinə, saçlarının daranmasına yardım etmək;

4. Yataq dəstlərini dəyişdirmək, yataq və geyim əşyalarını yumaq və ütüləmək;

5. Yataq və geyim əşyalarını camaşırxanaya, kimyəvi təmizləmə məntəqəsinə (əgər camaşırxana və kimyəvi təmizləmə məntəqəsi varsa) aparıb-gətirmək;

6. Paltarların xırda təmirini etmək;

7. Mənzili yığışdırmaq və təmizləmək;

8. Zəruri ərzaq, sənaye və məişət mallarını almaq;

9. Mənzil pulunun və digər kommunal xərclərin ödənilməsini təşkil etmək;

10. İstiliyə, yanacağa, təmirə olan ehtiyacların ödənilməsi məqsədi ilə aidiyyəti təşkilatlarla əlaqə saxlamaq;

11. Həyətyanı sahəni nizama salmaq;

12. Evə həkim çağırmaq, həkimin təyinatı ilə aptekdən dərman almaq, həkim müayinəsinə aparıb-gətirmək;

13. Sosial xidmətə götürülmüş vətəndaş vəfat etdikdə, dəfni ilə bağlı məsələlərin həllinə köməklik göstərmək.

 

Sıra

№-si

Xidmətlər

Xidmətin sayı

(aylıq)

Xidmətin müddəti

(hər dəfə)

1

2

3

4

1. Evdə (səyyar) sosial xidmət

1.1. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr), xəstəliyin terminal (son) mərhələsində olan şəxslər üçün

                1.1.1. Sosial-məişət xidmətləri

1.1.1.1.

yemək hazırlanmasına kömək etmək (o cümlədən, diyetik yeməklər), özünə qulluq edə bilməyən xəstələrin yedizdirilməsi və qabların yuyulması

8 dəfə

1 saat

20 dəq.

1.1.1.2.

zəruri ərzaq, sənaye və məişət mallarının alınması

4 dəfə

30 dəq.

1.1.1.3.

mənzillərin yığışdırılması və təmizlənməsi

4 dəfə

1 saat

1.1.1.4.

yataq və geyim əşyalarının yuyulması, ütülənməsi

4 dəfə

1 saat

30 dəq.

1.1.1.5.

mənzil pulunun və digər kommunal xərclərin ödənilməsinin təşkil edilməsi

1 dəfə

30 dəq.

1.1.1.6.

istiliyə, yanacağa, təmirə olan ehtiyacların ödənilməsi məqsədi ilə aidiyyəti təşkilatlarla əlaqə saxlanılması

xidmət müddətində

 

1.1.1.7.

evə həkimin çağırılması

xidmət müddətində

 

1.1.1.8.

həkimin təyinatı ilə aptekdən dərman alınması

xidmət müddətində

 

1.1.1.9.

sosial xidmətə götürülmüş vətəndaş vəfat etdikdə, onun dəfni ilə bağlı məsələlərin həllinə köməklik göstərilməsi

xidmət müddətində

 

                1.1.2. Sosial-hüquqi xidmətlər

1.1.2.1.

qəyyumluq və himayəçilik sənədlərinin hazırlanmasına, tənha ahıl vətəndaşların və əlilliyi olan şəxslərin sosial xidmət müəssisələrinə göndərilməsi üçün lazımi sənədlərin toplanılmasına köməklik göstərilməsi.

xidmət müddətində

 

 

Şərtlər:

Eyni yaşayış sahəsində yaşayan ər-arvada, valideyn-övlada və bacı-qardaşa bir sosial xidmətçi tərəfindən sosial məişət xidməti göstərilir.

Evdə reabilitasiya xidmətləri göstərilməsi üçün əlilliyi olan şəxslər ayrıca qeydə alınırlar.

İctimai təhlükəli xəstəliyə tutulmasına görə həyat fəaliyyəti məhdudlaşan şəxslərə evdə (səyyar) sosial xidmət göstərilmir.

Aşağıdakı hallarda evdə (səyyar) sosial xidmət göstərilməsi dayandırılır:

1. Sosial xidmətə ehtiyacı olan şəxs əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamağa başladıqda;

2. Tənha ahıllar, əlilliyi olan şəxslər dövlət sosial xidmət müəssisələrinə yerləşdirildikdə;

3. Əlilliyi olan şəxslərin reabilitasiyası başa çatdıqda;

4. Sosial xidmətə ehtiyacı olan şəxs vəfat etdikdə.

Müraciət qaydası:

Əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllar, ahıl ər-arvadlar, əlilliyi olan şəxslər, xəstəliyin terminal (son) mərhələsində olan şəxslər evdə (səyyar) sosial xidmət göstərilməsi üçün yaşayış yeri üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına, “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə ərizə ilə, eləcə də Nazirliyin 142 Çağrı Mərkəzinə zəng edərək müraciət edirlər.

Sosial xidmət göstərilməsi üçün ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri və ya şəxsin (ailənin) maraqları çərçivəsində şəxsin valideynləri, digər qanuni nümayəndəsi (qəyyumu, himayəçisi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə həmin şəxsin razılığı ilə digər şəxslər sosial xidmət göstərilməsi üçün Quruma, Mərkəzə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciət edə bilər.

Tələb olunan sənədlər:

•           Şəxsiyyət vəsiqəsi;

•           Tibbi Sosial Ekspertiza Komissiyasından əlillik haqqında elektron arayış;

•           Vətəndaşın tənha yaşadığını təsdiq edən sənəd;

•           Ambulator kartadan çıxarış;

•           Şəxsin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış;

•           Yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayış.