23.10.2023

Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində Vətən Müharibəsi Qəhrəmanları ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində Vətən Müharibəsi Qəhrəmanları kapitan Ramazan Hudulov və baş leytenant Cavid Behbudov ilə görüş keçirilib. 

Görüşdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Ramazan Hudulov və Cavid Behbudov Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüblər. 

Onlar keçdikləri döyüş yolundan, torpaqlarımızın işğaldan azad olunmasında əsgər və zabitlərimizin göstərdikləri şücaətlərdən bəhs ediblər. Vurğulanıb ki, 44 günlük haqq savaşımız zamanı xalqımız əzmkarlıq və birlik nümayiş etdirərək dəmir yumruq kimi birləşdi və tarixi qələbə əldə olundu. 

Qəhrəmanlarımızla görüş, onların keçdikləri döyüş yolu müəssisənin ahıl sakinlərinin xüsusi marağına səbəb olub və onlar hərbçilərimizin qəhrəmanlıqlarından, möhtəşəm Zəfərimizdən sonsuz qürur hissi keçirdklərini vuirğulayıblar.

Görüşdə vətənpərvərlik mövzusuna həsr edilən “Qalib Azərbaycan” adlı slayd nümayiş olunub, göstərdikləri şücaətə görə qəhrəmanlarımıza minnətdarlıq ifadə edilib. 

Sonda qonaqlar ahıllarla birlikdə müxtəlif stolüstü oyunlar oynayıb və xatirə fotoları çəkdiriblər.