Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində "Baba və nəvə" adlı futbol matçı oynanılıb.
A\ərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA-nın dəstəyi ilə ilk dəfə keçirilən görüş müəssisənin sakinləri ilə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağında yaşayan uşaqlar arasında təşkil olunub.
Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev, Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə, sabiq futbolçular Fərrux İsmayılov, Zaur Ramazanov, Mahmud Qurbanov, Ruslan Abışov və digərləri də matçı izləyənlər arasında olub.
Turnirin məqsədi yaşlı insanları aktiv və faydalı yaşlanmaya, cəmiyyətdə fəal rol oynamağa həvəsləndirmək, eləcə də onların asudə vaxtlarını səmərəli təşkil etmək, həmçinin gənc nəslin idmana marağını artırmaq olub.
Futbol yarışı heç-heçə ilə nəticələnib. Belə yarışların mütəmadi olaraq təşkil olunması nəzərdə tutulub.