26.08.2024

Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətində həssas qrupların şəfqət və qayğı ilə əhatə olunması mühüm yer tutur

Azərbaycan sosial dövlət olduğunu bəyan edən Prezident İlham Əliyevin uğurlu siyasətinin başlıca istiqamətini də ölkə vətəndaşının rifahının və məmnunluğunun təminatı təşkil edir və dövlət başçısının tapşırıqları əsasında aparılan ardıcıl sosial islahatlar bu istiqamətdə ciddi irəliləyişlərə imkan verib. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yüksək humanizm, nəciblik, xeyirxahlıq nümunəsi olan təşəbbüs və layihələri də ölkəmizin sosial dövlət olduğunu əməli şəkildə təsdiq edən uğurların əldə edilməsində, xüsusilə əhalinin həssas qruplarının diqqət və qayğı ilə əhatə olunmasında mühüm rola malikdir.

Sosial sahənin bütün istiqamətlərində həmin təşəbbüs və layihələr öz nailiyyətləri ilə töhfəsini verir. DOST konsepsiyası bunun uğurlu nümunələrindən biridir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əmək, məşğulluq, əlillik, reabilitasiya, sosial təminat, övladlığagötürmə sahələri üzrə 15 istiqamətdə 159 növdə xidmətin innovativ yanaşmalar əsasında “bir pəncərə”dən, vətəndaşlara daha yaxın və əlçatan şəkildə, şəffaf mühitdə, vətəndaş məmnunluğu prinsipinə uyğun təqdim olunmasına şərait yaradıb.

Ölkə Prezidentinin 9 avqust 2018-cii il tarixli Fərmanı ilə ötən dövrdə DOST Agentliyi və 7 DOST mərkəzi, həmçinin Zəngilanın Ağalı kəndində Smart DOST məntəqəsi açılıb. Hər gün orta hesabla 3,1 min vətəndaşa sosial sahələr üzrə “bir pəncərə”dən xidmət göstərən DOST mərkəzlərinin xidmətlərindən indiyədək 1,7 milyon vətəndaş faydalanıb və bu xidmətlərdən vətəndaş məmnunluğu 98,2 faizdir. DOST mərkəzləri şəbəkəsi ölkə boyu genişlənir və 2025-ci ilədək bu mərkəzlərin sayı 17-yə çatdırılacaq, habelə 55 DOST filialı, SMART DOST məntəqələri də açılacaq.

DOST konsepsiyası son illər Azərbaycanın mühüm innovativ yeniliyi olmaqla mötəbər beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilir və həmin təşkilatlar tərəfindən 13 mükafatla, Mükəmməllik Sertifikatları ilə təltif olunub. Həmçinin Avropa İttifaqı hələ iki il əvvəl, 2021-ci ildə özünün Biznes Mühiti Hesabatında DOST mərkəzlərini Azərbaycanın 3 təkmil islahatından biri kimi qiymətləndirib.

Heydər Əliyev Fondunun mühüm sosial əhəmiyyət kəsb edən layihələrindən biri kimi, son illərdə Abşeron rayonunda üç çoxmənzilli yaşayış binasının inşa edilərək dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum məzunlarına təqdim edilməsi ölkəmizdə hər bir vətəndaşın dövlətin qayğısı ilə əhatə olunduğunun mühüm təzahürüdür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin “Məzun evi” kimi fəaliyyət göstərən həmin yaşayış binalarının sakinlərinin məşğulluğunun təminatı, digər sahələrdə də dəstəklə əhatə olunmaları üçün ardıcıl işlər aparılıb.

Eyni zamanda, 2016-cı ilin Aprel döyüşlərində yaralanmış hərbçilərimiz Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olundular. Fondun layihəsi çərçivəsində həmin əsgər və zabitlərimiz  Almaniya, İslandiya, İngiltərənin dünyada məşhur protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı son nəsil protezləri ilə təmin edildilər və yenidən aktiv həyata davam edirlər. Möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının tapşırığı ilə icra olunan mühüm sosial dəstək proqramı üzrə bu sahədə mühüm işlər aparılır və müharibədə yaralanaraq əzalarını itirmiş 435 hərbçimiz 454 ədəd yüksək texnologiyalı son nəsil müasir protezlə təmin edilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətinin əsas istiqamətlərindən biri də əlilliyi olan şəxslərin reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyasının dəstəklənməsidir. Bunun nümunələri olaraq, onun təşəbbüsü və dəstəyi ilə əlilliyi olan uşaqlar üçün Bakının Yeni Günəşli yaşayış massivində yeni uşaq reabilitasiya müəssisəsi, həmin uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti, Naxçıvan, Gəncə və Yevlaxda məhdud fiziki imkanlı insanlar üçün regional informasiya mərkəzləri yaradılıb.

2021-ci ilin ilin oktyabr ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi isə Azərbaycanda əlilliyi olan şəxslərin və digər həssas qrupların cəmiyyətə inteqrasiya imkanlarının artırılması sahəsində aparılan fəal dövlət siyasətinin növbəti əyani təcəssümüdür. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan bu Mərkəz Cənubi Qafqazda ilk dəfə olaraq kifayət qədər əhatəli, çoxşaxəli fəaliyyət istiqamətlərini özündə birləşdirən ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır.

Mərkəzdə həssas qruplara (əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, valideyn himayəsindən məhrum olmuş şəxslər və b.) aid 200-dən çox benefisiar müxtəlif fəaliyyət istiqamətləri (rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma, tikmə, bədii oyma, floristika, bağçılıq və landşaft dizaynı, audio-səsyazma, fotoqrafiya, kulinariya, səhnə ifaçılığı, kapoeyra, badminton və s.) üzrə təlimlərdə iştirak edir, bacarıqlarını təkmilləşdirir. Onların yaradıcı potensialının inkişafına dəstək göstərilməsi ilə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatının təsdiqlədiyi metod üzrə kompleks reabilitasiya xidmətləri ilə də əhatə olunublar.

Eyni zamanda, Heydər Əliyev Fondu həssas qrupların, tənha ahılların yaşadığı sosial xidmət müəssisələrində mütəmadi nəcib, xeyirxah aksiyalar, tədbirlər keçirir, dövlət himayəsində yaşyan insanları öz qayğısı ilə əhatə edir. Pandemiya dövründə də həmin sosial xidmət müəssisələrində sakinlərin COVİD-19 infeksiyasından qorunması üçün Fond tərəfindən ardıcıl dəstək işləri aparıldı. Həmçinin sosial cəhətdən həssas olan ailələr Fond tərəfindən sovqatlarla, ərzaq yardımları ilə təmin edildilər.  Fondun “Regional İnkişaf” İctimai Birliyi də özünün “Sosial bağlar” layihəsi ilə özünüməşğulluq proqramının genişlənməsinə öz dəstəyini göstərib və bu layihə çərçivəsində son illər yüzlərlə aztəminatlı ailə üçün intensiv meyvə bağları, tərəvəz və bostançılıq təsərrüfatları yaradılıb.

Beləliklə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müəllifi olduğu, yüksək humanizm və xeyirxahlıq nümunəsi olan layihələr, təşəbbüslər ölkəmizdə sosial inkişafın təmin edilməsinə, xüsusi qayğıya ehtiyac duyan şəxslərin qayğı ilə əhatə olunmasına xidmət edir və ictimaiyyət tərəfindən daim böyük rəğbət hissi ilə qarşılanaraq yüksək dəyərləndirilir.