Prezident İlham Əliyevin 2020-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq maarifləndirmə görüşləri davam etdirilir.
Daha bir görüş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi ilə Gənclər və İdman Nazirliyinin İmişli rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.
İmişli şəhər 8 saylı tam orta məktəbin müəllim-şagird kollektivi üçün təşkil olunan tədbir “Erkən nikah-insan alverinə şərait yaradan amillərdən biri kimi” mövzusuna həsr olunub.
Hər iki qurumun nümayəndələrinin iştirak etdiyi maarifləndirmə görüşündə mövzunun aktuallığına diqqət çəkilib.
Yardım Mərkəzinin psixoloqu iştirakçılara insan alveri mövhumu, onun mahiyyəti və formaları, qanunvericilikdə təsbit olunması barədə məlumat verib.
Görüşdə insanların müxtəlif yollarla aldadılıb xarici ölkələrə aparılması və insan alveri qurbanlarına çevrilməsi, bu kimi hallara qarşı mübarizə üsullarından danışılıb.
Bildirilib ki, Yardım Mərkəzində insan alveri qurbanlarına onların hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında izahatlar verilir, sosial-psixoloji və digər yardımlar göstərilir.