23.06.2023

Əlilliyi olan daha 18 gənc Türkiyəyə təcrübə kursuna yola salınıb

Onlardan bir qismi Vətən müharibəsi ilə əlaqədar əlilliyi olanlardır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən əlilliyi olan daha 18 gənc Türkiyədəki peşə dərnəklərində təcrübə kursu keçmək üçün qardaş ölkəyə yola salınıb. Onlardan bir qismi Vətən müharibəsi ilə əlaqədar əlilliyi olanlardır.

Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Türkiyəyə yola salınan gənclərlə görüşərək onlara uğurlar arzulayıb. Bildirilib ki, Agentliyin Əlilliyi olan şəxslərin Peşə Əmək Reabilitasiyası Mərkəzində bu il 35 nəfəri Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər olmaqla 343 nəfər əlilliyi olan şəxsə peşə reabilitasiyası xidmətləri göstərilib.

Mərkəzə müxtəlif peşələr üzrə hazırlığa cəlb olunan gənclər Türkiyədə müvafiq peşə dərnəklərinə təcrübə kurslarına da göndərilir. Türkiyənin Ankara və Antalya şəhərlərində təşkil olunan həmin kurslara son illərdə bu kateqoriyadan olan 114 gənc yola salınıb.

Bu təcrübə səfərləri Avropa İttifaqının Avropa Həmrəylik Korpusu Proqramı çərçivəsində və Agentliyin Türkiyənin Fiziki Məhdudiyyətli Şəxslərin Dərnəkləri Federasiyası ilə birgə layihəsi,  “Sağlam Düşüncə” Gənclər Təşkilatı İB ilə imzaladığı memorandum əsasında və Türkiyə Milli Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.