09.04.2026

Əlilliyi olan şəxslərin əl işlərindən ibarət növbəti satış-sərgi keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və 6 saylı Bakı "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgi təşkil edilib. 

Agentliyin Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin məzunları və hazırda Mərkəzdə peşə təlimi alan gənclərin iştirakı ilə keçirilən sərgidə 16 müəllifin 9 istiqamət üzrə ümumilikdə 830 ədəd əl işi nümayiş etdirilib. 

Təqdim olunan əl işlərinə dərzilik nümunələri, rəssamlıq əsərləri, vitraj boya ilə hazırlanmış suvenirlər, bədii tikmə, toxuculuq məhsulları, toxunma oyuncaqlar, dulusçuluq məmulatları, bədii oyma və xalçaçılıq nümunələri daxildir. 

Sərginin məqsədi əlilliyi olan şəxslərin peşə bacarıqlarını və yaradıcılıq potensialını geniş ictimaiyyətə təqdim etmək, onların cəmiyyətə inteqrasiyasını dəstəkləməkdir.