23.10.2024

Əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və 7 saylı Bakı "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi təşkil olunub. 

Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin 20 yetirməsinin hazırladıqları əl işlərinin nümayiş olunduğu sərgi bir gün davam edib. 

Satış sərgisində 9 istiqamət (rəssamlıq, vitraj boya, toxuculuq, toxunma suvenir oyuncaqlar, muncuqlarla hazırlanmış bəzək əşyaları, bədii tikmə, bədii oyma, dulusçuluq, xalçaçılıq və s.) üzrə 800-ə yaxın əl işi nümayiş olunub. 

Mütəmadi təşkil edilən sərgilərin məqsədi əlilliyi olan şəxslərin bacarıqlarının cəmiyyətə tanıdılması, onların yaradıcılıq imkanlarının genişləndirilməsi, fəaliyyətlərinin stimullaşdırılması və cəmiyyətə inteqrasiyasına dəstək verilməsidir.