Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Əlilliyi olan şəxslərin IX Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi başa çatıb.
Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan və “Fəxr edirəm ki, Azərbaycanlıyam!” adı altında keçirilən Baxış-müsabiqəsində məqsəd əlilliyi olan şəxslərin bacarıq və qabiliyyətlərinin aşkara çıxarılaraq cəmiyyətə təqdim olunması, onların yaradıcı potensialının və cəmiyyətə inteqrasiyasının dəstəklənməsidir.
Baxış-müsabiqəsinə ölkənin müxtəlif regionlarından ümumilikdə 231 nəfər qatılıb. Qaydalara əsasən, əvvəlcə respublikanın regionları üzrə zona müsabiqəsi keçirilib. İştirakçılar 5 nominasiya (muğam-mahnı, rəqs, instrumental ifaçılıq, poeziya, bədii qiraət) üzrə bacarıqlarını nümayiş etdiriblər.
Zona müsabiqələrində fərqlənən 77 nəfər final mərhələsində iştirak edib.
Eyni zamanda, Əlilliyi olan şəxslərin IX Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin iştirakı ilə yekun konsertin keçirilməsi planlaşdırılıb.