16.10.2023

Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzindən əlilliyi olan daha 15 gənc məzun Türkiyəyə təcrübə kursuna yola salınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzindən əlilliyi olan daha 15 gənc məzun Türkiyəyə təcrübə kursuna yola salınıb.

Yola salınan gənclərlə görüşündə Agentliyin sədri Vüqar Behbudov  bu ilin ötən dövründə Mərkəzdə əlilliyi olan 450-dən çox şəxsə peşə reabilitasiya xidməti göstərildiyini  bildirib. 

Qeyd olunub ki, Mərkəzdə reabilitasiyaya cəlb edilmiş gənclərin daha sonra qardaş ölkə Türkiyədə əlilliyi olan şəxslərlə bağlı peşə dərnəklərində iştirakı, bacarıqlarını daha da təkmilləşdirmələri üçün təcrübə proqramı da icra olunur. 

Son beş ildə Mərkəzin əlilliyi olan 129 məzunu bu proqrama cəlb edilib. Onlardan 15 nəfəri Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.

Hazırda isə Mərkəzin daha 15 məzunu Türkiyənin Ankara və Antalya şəhərlərində “Əngəllilərə könüllü dəstək” və “Əngəlsiz gülümsə” layihələrində 4 aylıq təcrübə səfərinə göndərilir.

Qeyd olunub ki, bu proqram Avropa İttifaqının Avropa Həmrəylik Korpusu Proqramı çərçivəsində Agentliklə Türkiyənin əlilliyi olan şəxslərlə bağlı vəqfi və dərnəklər federasiyası ilə əməkdaşlığı, “Sağlam Düşüncə” Gənclər Təşkilatı ilə ilə imzaladığı Memorandum əsasında icra olunur.