Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələri beynəlxalq tədbirdə iştirak edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi nin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin iki yetirməsi Özbəkistan Respublikası Könüllülər Assosiyasiyasının dəvəti ilə Daşkənd şəhərində təşkil olunan “Möcüzələr vaxtı” adlı 21-ci Xeyriyyə Yarmarkasında iştirak edib.
Bu ölkənin Mədəniyyət, Turizm və Mədəni İrs Nazirliklərinin və Özbəkistan Könüllülər Assosiasiyasının birgə təşkil etdiyi Xeyriyyə Yarmarkasında 10 sənətkarlıq növü üzrə ustad dərsləri nümayiş olunub.
Tədbirdə əyləncəli musiqi və idman proqramları təqdim edilib, iştirakçılar üçün muzeylərə ekskursiya etmək imkanı yaradılıb.
Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələri Aybəniz İsakova və Əfsanə Tağıyeva iştirakçılara öz peşə bacarıqlarını nümayiş etdiriblər. Onların muncuqlarla hazırladıqları əl işləri digər ölkələrdən gəlmiş əlilliyi olan şəxslərin böyük marağına səbəb olub.
Qeyd edək ki, Aybəniz İsakova (xalçaçılıq, aşpaz köməkçisi, muncuqlarla toxuculuq) və Əfsanə Tağıyeva (rəssamlıq, dərzilik və xovlu toxuma) müxtəlif vaxtlarda Mərkəzin peşə kurslarını müvəffəqiyyətlə bitiriblər. Onlar həmçinin Türkiyədə təşkil olunan beynəlxalq təcrübə mübadiləsi proqramına da cəlb olunublar.