10.06.2024

BMT-nin Əhali Fondu ilə görüləcək birgə işlər müzakirə olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan və Gürcüstan üzrə ölkə direktoru Məryəm Xanla görüş olub.

Nazirliklə BMT-nin Əhali Fondu arasında uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu qeyd edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son illər ölkəmizdə təkmil demoqrafik proqnozlaşdırma sisteminin yaradılması, əhali proqnozlarının hazırlanması sahəsində aparılmış işləri diqqətə çatdırıb. 

Bu işlərdə, habelə Milli Transfer Hesabatının hazırlanmasında, əlilliyi olan qadınlar və müharibə veteranlarının sosial dəstəklə əhatə olunmasında, fəal yaşlanmanın təşviqində icra olunan birgə layihələrin önəmi vurğulanıb.  

Qadınlara qarşı zorakılıqla mübarizə üzrə BMT-nin Əhali Fondunun qlobal proqramı, həmçinin UNFPA ilə əməkdaşlıqda hazırlanmış “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” çərçivəsində görülən işlərdən bəhs olunub. 

Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası sahəsində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb. 

M.Xan Nazirliklə BMT-nin Əhali Fondunun davamlı əməkdaşlığından məmnunluğunu, UNFPA-nın 2021-2025-ci illər üzrə Ölkə Proqramı çərçivəsində birgə işlərin miqyasının genişlənməkdə olduğunu qeyd edib.
   
Görüşdə BMT-nin Əhali Fondu ilə mövcud əməkdaşlıq gündəliyi və görüləcək birgə işlər müzakirə olunub.