26.02.2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları bu il artıq 20-yə yaxın beynəlxalq mükafat və sertifikatla təltif olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəti kollegiya iclası keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində vətəndaş rifahının təminatı sahəsində böyük irəliləyişlərə nail olunduğunu, sosial müdafiə sisteminin mütəmadi olaraq gücləndirildiyini vurğulayıb. 

Nazir bildirib ki, cənab Prezident andiçmə mərasimindəki proqram xarakterli çıxışında da ötən dövrdə əldə olunan mühüm sosial uğurları qeyd edib. Dövlətimizin başçısının həmin tarixi çıxışından irəli gələn sosial sahə ilə bağlı bütün vəzifələr Nazirlik tərəfindən daim yüksək səviyyədə icra olunacaq. 

S.Babayev aparılan sosial islahatların  beynəlxalq səviyyədə də yüksək dəyərləndirildiyini vurğulayıb. Sosial islahatların uğurlarına görə son  illər 60 beynəlxalq mükafat və sertifikat əldə edildiyini, bu nailiyyətlərin davamı olaraq, cari ilin ötən dövründə də  Nazirliyin qurumlarının 20-yə yaxın beynəlxalq mükafat və sertifikatla təltif edildiyini vurğulayıb.  

Həmçinin sosial xidmətlərin keyfiyyətinin artırılması sahəsində mühüm irəliləyişlərin göstəricisi olaraq artıq ikinci ildir ki, Nazirliyin “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə mərkəzi icra hakimiyyəti orqanları arasında birinci yeri tutduğu qeyd olunub.  

İslahatların əsas prioritetlərindən birinin də dövlət sosial xidmətlərinin elektron texnologiyalar üzərində qurulması olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Nazirlik üzrə 159 xidmətdən artıq 147-si və ya 92,5 faizi rəqəmsallaşdırılıb. Habelə 56 proaktiv xidmət yaradılıb. Təkcə ötən il  Nazirliyin informasiya bazalarına 422 milyondan çox sorğu və müraciət qeydə alınıb, 238 min proaktiv təyinat həyata keçirilib. 

Sosial sahədə elektronlaşma səviyyəsinin, habelə proaktiv xidmətlərin sayının daha da artırılması işlərinin davam etdiyi bildirilib. Bir sıra ölkələrin DOST, habelə ölkəmizin sosial sahədə elektronlaşdırma təcrübələrinin tətbiqinə maraq göstərdiyi, həmin ölkələrin müvafiq qurumları ilə təcrübəmizin bölüşülməsi işlərinin də aparıldığı diqqətə çatdırılıb.

Hər gün orta hesabla 3450-dən çox vətəndaşın xidmətlərindən faydalandığı DOST mərkəzlərinin şəbəkəsinin genişləndirilməsi işləri qeyd olunub. Naxçıvan Muxtar Respublikasında da DOST infrastrukturunun qurulması, yeni sosial xidmət və reabilitasiya mərkəzlərinin yaradılması işlərinin aparıldığı bildirilib. Ötən ildən Muxtar Respublikada da sosial ödənişlərin e-sistemlər üzərindən proaktiv təyinatı mexanizmlərinin hazırlanaraq tətbiq edildiyi diqqətə çatdırılıb.

Əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində son illər biopsixososial modelə əsaslanan xidmət spektrinin qabaqcıl dünya təcrübəsinə yeni istiqamətlər (robotik reabilitasiya, sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya və s.) üzrə xeyli genişləndiyi vurğulanıb. Şamaxı, Gəncə, Quba, Ağcabədi, Kəlbəcər rayonlarında da yeni reabilitasiya mərkəzlərinin yaradılmasının nəzərdə tutulduğu qeyd edilib.

Naxçıvan MR-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2023-cü ildəki fəaliyyətinin nəticələri və 2024-cü ildə qarşıda duran vəzifələrinə daim təqdimat edilib. 

İclasda əhaliyə DOST xidmətlərinin göstərilməsi, sosial sahədə elektronlaşma proqramının icrası, tibbi-sosial ekspertiza və reabilitasiya, həssas qrupların yaradıcı potensialının dəstəklənməsi və s. sahələrdə görülən işlər, qarşıda duran vəzifələr müzakirə olunub.