13 Noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan Şəxslər Günüdür
Azərbaycanda gözdən əlilliyi olan şəxslərin sosial müdafiəsi dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir.
Prezident İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısı gözdən əlilliyi olan şəxslərin sosial təminatı və reabilitasiyası, rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin ildən-ilə güclənməsinə imkan verib.
Ölkəmizdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, digər həssas qruplarla yanaşı, gözdən əlilliyi olan şəxslərin də mənzillə təminatı həyata keçirilir.
Son illərdə onlar üçün Bakının Nərimanov rayonunda 132 mənzilli yaşayış binası tikilərək istifadə verilib. Keçən il və bu ilin ötən dövründə isə gözdən əlilliyi olan şəxslərə Bakı şəhəri və Abşeron rayonundakı yeni yaşayış komplekslərindən 502 mənzil təqdim edilib və proses davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gözdən əlilliyi olan şəxslər əlilliyə görə əmək pensiyası və ya müavinətlə, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər həmin sosial təminat növləri ilə yanaşı, Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Bu təqaüdün məbləği də gözdən əlilliyi olan şəxslər üçün digərləri ilə müqayisədə 61,5 faiz yüksəkdir. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və 18 yaşadək əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü də ödənilir.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən gözdən əlilliyi olanlar üçün pensiya qanunvericiliyində bir sıra güzəştlər də nəzərdə tutulub.
Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində gözdən əlilliyi olan şəxslərə də xidmət göstərilir. Müəssisənin görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün Sosial reabilitasiya və bərpa şöbəsində bu kateqoriyadan olan şəxslərə tam və ya yarımstasionar şəraitdə reabilitasiya və abilitasiya xidmətləri göstərilir.
Şöbəyə müraciət edən şəxslərə mütəxəssislər tərəfindən tibbi, pedaqoji, idman, mədəniyyət və incəsənət, həmçinin psixoloji və sosial reabilitasiya xidmətləri göstərilir.
Burada eyni zamanda müharibədə görmə qabiliyyətini itirmiş şəxslərə Brayl əlifbası, əl ağacından istifadə qaydaları, açıq havada, qapalı məkanlarda səs vasitəsi ilə istiqamətin düzgün təyini öyrədilir. Kompüter və telefondan səsli proqram vasitəsilə istifadə qaydaları aşılanır, sosial adaptasiya yönümlü işlər aparılır.
Agentliyin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində digər əlilliyi olan şəxslərlə yanaşı, görmə imkanı məhdud şəxslər də müvafiq peşə kurslarına cəlb edilirlər.
Eyni zamanda, görmə imkanları məhdud şəxslərin sosial reabilitasiyası məqsədilə Agentliyin sifarişləri əsasında layihələr də icra olunur.
Bu kateqoriyadan olanların əmək bazarına çıxışının dəstəklənməsi məqsədilə də müvafiq işlər aparılır. Əlilliyi olan şəxslər üçün qanunvericilikdə, o cümlədən əmək münasibətlərində bir sıra güzəştlər nəzərdə tutulub ki, bunlar gözdən əlilliyi olanları da əhatə edir.