02.03.2026

“Himayədar ailə” qayğı modeli mövzusunda növbəti ictimai dinləmə Cəlilabadda keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad rayonunda “Himayədar ailə” qayğı modeli barədə məlumatlandırma mövzusuna həsr olunan ictimai dinləmə təşkil olunub. 

Tədbirdə Sosial Xidmətlər Agentliyinin, Rayon İcra Hakimiyyətinin və digər qurumların, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri, tələbələr, mövzu ilə bağlı müraciət edən vətəndaşlar iştirak ediblər. 

Agentliyin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdir müavini Əhməd Mansurov iştirakçılara “Himayədar ailə” qayğı modeli, bu modelin üstünlükləri, müraciət formaları barədə məlumatlar verib. 

İştirakçıların diqqətinə çatdırılıb ki, bu model çərçivəsində artıq 78 uşaq himayədar ailələrə yerləşdirilib. 

Diqqətə çatdırılıb ki, “Himayədar ailə” qayğı modeli müəssisələrdə yaşayan uşaqların ailə mühitində yaşamaları, alternativ qayğı ilə əhatə olunmaları və sağlam gələcəyi baxımından mühüm əhəmiyyətə malikdir. 

Çıxışlarda “Himayədar ailə” institutunun hüquqi əsasları, himayədar valideyn olmaq istəyən şəxslərin müraciət və qiymətləndirmə prosesləri barədə təqdimatlar edilib, müzakirələr aparılıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.