27.05.2023

İnsan alverinə qarşı mübarizə sahəsində maarifləndirmə görüşləri davam edir

İnsan alverinə qarşı mübarizə sahəsində maarifləndirmə görüşləri davam edir.

Prezident İlham Əliyevin 2020-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında #İnsanAlverinəQarşıMübarizə yə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na əsasən maarifləndirici tədbirlərin davamı olaraq Goranboy şəhər 3 nömrəli tam orta məktəbdə görüş keçirilib.

“İnsan alverinin uşaqlara xas aspektləri və uşaqların internet vasitəsilə cinsi istismara və ya zorakılığa cəlb olunması” mövzusuna həsr olunan tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin əməkdaşları və məktəbin müəllim-şagird kollektivi iştirak edib.

Əvvəlcə iştirakçılara Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Mərkəzdə insan alveri qurbanlarına onların hüquq və mənafelərinin müdafiəsinə dair mövcud inzibati və hüquqi prosedurlar haqqında izahatlar verilir, sosial-psixoloji və digər yardımlar göstərilir. Eləcə də insan alveri qurbanları və insan alverinin potensial qurbanları sosial reabilitasiyaya cəlb edilir.

Sonra Mərkəzin əməkdaşları insan alveri mövhumu, onun mahiyyəti və formaları, qanunvericilikdə necə təsbit olunması haqqında məlumat veriblər.

Görüşdə iştirakçıları maraqlandıran istiqamətlər üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.