24.06.2023

Məişət zorakılığından zərər çəkmiş 175 şəxsə sosial reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu ilin ötən dövründə məişət zorakılığından zərər çəkmiş 34 nəfəri sosial reabilitasiya xidmətlərinə cəlb edib. Onlardan 10 nəfəri valideyn, 24 nəfəri isə uşaqlardır.

Həmin şəxslər Agentliyin müvafiq müəssisəsində 2021-ci ildən fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsində reabilitasiya xidmətləri ilə əhatə olunublar.  

Qeyd olunan şöbədə ötən dövrdə 175 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib.

Xidmətə götürülmüş şəxslərdən 20 qadının müraciətinə uyğun olaraq məşğulluğuna da dəstək göstərilib.

Hazırda 6 nəfər (2 qadın, 4 uşaq) zorakılığa məruz qalan şəxsə müəssisədə müvafiq sosial xidmətlər göstərilir.

Müasir tələblərə uyğun şəraitin yaradıldığı reabilitasiya şöbəsində sakinlərə sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı xidmətləri göstərilir, onların mədəni-asudə vaxtlarının təşkili və s. istiqamətlərdə işlər aparılır.