23.06.2023

Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım göstərilməsi üçün akkreditasiya olunmuş qeyri-dövlət mərkəzlərinin nümayəndələri ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən təşkil olunan görüşdə 7 qeyri-dövlət mərkəzinin nümayəndəsi iştirak edib.

Görüş ölkəmizdə məişət zorakılığı ilə mübarizə aparılması məqsədilə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli Qanununun qəbul edilməsinin 13-cü ildönümündə təşkil edilib.

Qonaqlar əvvəlcə Agentliyin müvafiq müəssisəsinin Məişət zorakılığından zərər çəkənlər üçün sosial reabilitasiya şöbəsinin fəaliyyəti ilə tanış olublar. Görüş iştirakçılarına məlumat verilib ki, 2021-ci ildən fəaliyyət göstərən şöbədə ötən dövrdə 175 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib.

Müasir tələblərə uyğun şəraitin yaradıldığı reabilitasiya şöbəsində sakinlərə sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı xidmətləri göstərilir, fərdi iş planı üzrə və digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində işlər aparılır.

Görüşdə məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsi, bu sahədə dövlət orqanlarının potensialının artırılması və digər mövzular müzakirə olunub.