04.12.2023

“Məktəbdə sosial xidmətin təşkili və tətbiqi” mövzusunda onlayn görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin regional filiallarının əməkdaşları üçün “Təhsildə sosial iş” layihəsi çərçivəsində növbəti onlayn təlim keçirilib. 

“Məktəbdə sosial xidmətin təşkili və tətbiqi” mövzusuna həsr olunan təlim iki gün davam edib. Təlimin birinci günündə Agentliyin Səyyar və yarımstasionar sosial xidmətlərin təşkili departamentinin müdiri Tünzalə Verdiyeva və müdir müavini Cavid Rəhimli xidmət haqqında ümumi təlimatlandırıcı məlumatlar veriblər. Xidmətin məqsədi, gedişatı, planı və mövcud vəziyyəti haqqında maarifləndirici təqdimat edilib. Sonra iştirakçılara məktəbdə sosial xidmətdə uşaqların ilkin qiymətləndirilmə prosesinin aparılma və alətlərdən istifadə qaydası izah edilib. 

Təlimin ikinci günündə məktəbdə sosial xidmətdə uşaqların ilkin qiymətləndirilmə prosesinin aparılması ilə bağlı filial əməkdaşlarına tapşırıqlar verilib və nəticələri müzakirə edilib.  

İştirakçılara uşaqların təfsilatlı qiymətləndirilməsinin aparılması və alətlərdən düzgün istifadə qaydası, eləcə də mövcud təlimatlarla bağlı izahatlar verilib. Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb. 

“Təhsildə sosial iş” layihəsinin əsas məqsədi məktəblilərə qarşı diqqət və qayğını təşviq etmək, onlarla pis rəftarın və zorakılığın qarşısını almaq, bu sahədə məlumatlılığı artırmaq, həmçinin akademik və sosial uğurlarını dəstəkləməkdir.