Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyində çalışan əməkdaşlar üçün onlayn təlimlər keçilib. Təlimlər Agentliyin müxtəlif fəaliyyət istiqamətlərini əhatə edib.
Təqdimatlarda əlilliyi olan uşaqlar və onların ailələri ilə sosial iş xidməti, təhsildə sosial iş xidməti, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial-psixoloji adaptasiyası, evdə (səyyar) sosial xidmət və digər mövzularda məlumatlar verilib.
Həmçinin müasir sosial iş metodları, etik prinsiplər, erkən müdaxilə mexanizmləri və icma əsaslı xidmətlərin təşkili, eləcə də çətin həyat şəraitinə düşmə riski olan uşaqların aşkarlanması və onlarla sosial-psixoloji işin aparılması istiqamətində tədbirlərdən danışılıb.
Xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərilən sosial xidmətlərə əlçatanlığın təmin edilməsi, bu kateqoriyadan olan vətəndaşlarımızın cəmiyyətə yenidən inteqrasiyası, sosial bacarıqlarının inkişafı istiqamətində həyata keçirilən işlərdən bəhs olunub, bu xidmətlərin təşkili mexanizmi və tətbiq olunan iş prinsiplərinə diqqət çəkilib.
Təlimlər interaktiv formada təşkil olunub, iştirakçılarla müzakirələr aparılıb və praktiki nümunələr təqdim edilib.