19.09.2024

Nazir Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Göygöl rayonunda Göygöl və Daşkəsən rayonlarının sakinlərini qəbul edib.

Qəbuldan əvvəl S.Babayev və Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.

Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq  proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.