Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Nərimanov Sosial Xidmət Mərkəzində xidmət göstərilən uşaqların valideynlərinə “Pozitiv valideynlik” mövzusunda maarifləndirici təlim keçirilib. Mütəxəssislər tərəfindən valideynlərə uşaqla ünsiyyət qaydaları, oyun oynamağın zəruriliyi barədə tövsiyələr verilib. İnteraktiv şəkildə təşkil olunan təlimdə valideynlər də öz fikirlərini və təcrübələrini bölüşüb. Sonda iştirakçıların sualları cavablandırılıb.
İştirakçılara Sosial Xidmət Mərkəzində göstərilən xidmətlər barədə də ətraflı məlumat verilib. Bildirilib ki, Mərkəzdə sosial işçi, psixoloq, loqoped, sosial-pedaqoq və uşaq inkişafı üzrə mütəxəssislər vasitəsilə 18 yaşınadək əlilliyi olan şəxslər reabilitasiya xidmətlərinə cəlb olunur. Mərkəz uşaqlara keyfiyyətli xidmət göstərilməsi üçün xüsusi avadanlıq və ləvazimatlarla təchiz edilib.
Qeyd edək ki, Nərimanov Sosial Xidmət Mərkəzində hazırda 30-a yaxın 18 yaşınadək əlilliyi olan şəxs reabilitasiya xidmətləri ilə əhatə olunur.
Tədbirlərin məqsədi, bu sahədə məlumatlılığı artırmaqla uşaqlara diqqət və qayğının təmin edilməsi, onların sağlam və təhlükəsiz mühitdə inkişafına nail olmaqdır.