Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Nərimanov Sosial Xidmət Mərkəzində “Açıq qapı” günü təşkil edilib.
Tədbirdə valideynlər, ali təhsil müəssisələrinin tələbələri və digər vətəndaşlar iştirak ediblər.
Tədbir mərkəzdə göstərilən sosial reabilitasiya xidmətləri barədə maarifləndirməni artırmaq məqsədi daşıyıb. Bildirilib ki, mərkəzdə sosial işçi, psixoloq, sosial pedaqoq, loqoped və aktiv terapevt tərəfindən xüsusi qayğıya ehtiyacı olan şəxslər müxtəlif xidmətlərə cəlb edilir.
Şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərinin formalaşması, çatışmazlıqların korreksiyası, onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası istiqamətində iş aparılır.
Burada həmçinin benefisiarların valideynlərinə sosial-məsləhət yardımı xidməti göstərilir.
2023-cü ildən fəaliyyət göstərən Nərimanov Sosial Xidmət Mərkəzində bu günədək 250-dən çox şəxs dövlət qayğısı ilə əhatə olunub. Hazırda mərkəzdə 57 nəfər xidmətlərdən yararlanır.