23.10.2023

Özbəkistan Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin nümayəndələri Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi ilə tanış olublar

Özbəkistan Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin nümayəndələri Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi ilə tanış olublar

Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində olublar. 

Qonaqlara məlumat verilib ki, müəssisədə baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların, müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin, görmə qabiliyyəti məhdudluğu olan şəxslərin və s. sosial reabilitasiyası həyata keçirilir. 

Müəssisəyə qəbul olunanlar burada sosial-məişət, sosial-hüquqi xidmətlərlə yanaşı, günlük olaraq qida normaları əsasında yemək, qəlyanaltı, yaşayış yeri və geyimlə təmin edilirlər. 

Nümayəndələr müəssisədə fəaliyyət göstərən şöbələrin iş prinsipi, göstərilən xidmətlərin formaları, müəssisəyə qəbul qaydaları və onları maraqlandıran digər məsələlərlə bağlı ətraflı məlumatlandırılıb.  Sonra müəssisə sakinlərinə göstərilən sosial-reabilitasiya xidmətləri ilə əyani tanışlıq olub. 

Sonda qonaqların burada göstərilən sosial xidmətlərlə bağlı sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.