03.07.2024

Peşə-əmək Reabilitasiyası Mərkəzindən əlilliyi olan daha 18 gənc Türkiyəyə təcrübə kursuna yola salınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə Əmək Reabilitasiyası Mərkəzindən əlilliyi olan daha 18 gənc Türkiyəyə təcrübə kursuna yola salınıb.

Həmin gənclərlə görüşərək onlara uğurlar arzulayan Agentliyin İdarə heyətinin sədri Vüqar Behbudov Mərkəzdən bu il daha 30 nəfərin bu təcrübə proqramına cəlb olunacağını bildirib.

Qeyd olunub ki, Türkiyəyə yola salınan gənclər qardaş ölkənin Ankara və Antalya  şəhərlərində  əlilliyi olan şəxslərlə bağlı peşə kurslarında iştirak edərək, bacarıqlarını daha da təkmilləşdirəcəklər.

Mərkəzdə reabilitasiyaya cəlb edilmiş gənclər üçün belə təcrübə səfərləri Sosial Xidmətlər Agentliyi ilə “Sağlam Düşüncə” Gənclər Təşkilatı arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən Avropa İttifaqının Avropa Həmrəylik Korpusu Proqramı çərçivəsində təşkil olunur.

Ötən dövrdı Mərkəzin əlilliyi olan ümumilikdə 147 məzunu Türkiyədə müvafiq peşə dərnəklərinə təcrübə kurslarına göndərilib. Onlardan bir hissəsi Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.