04.11.2024

Peşə-əmək reabilitasiyasına cəlb edilən daha bir neçə gəncə şəhadətnamələr təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə hazırlığı keçən daha bir qrup gəncin qiymətləndirilməsi aparılıb. İştirakçıların kurs müddətində biliklərə yiyələnmə səviyyəsini yoxlamaq məqsədi daşıyan qiymətləndirmədə ümumilikdə 35 nəfər əlilliyi olan şəxs iştirak edib.

Sosial Xidmətlər Agentliyi və Dövlət Məşğulluq Agentliyinin nümayəndələrinin iştirakı ilə kompüter istifadəçisi, toxuculuq, rəssamlıq, dərzilik, aşpaz köməkçisi, xalçaçılıq, kişi bərbəri, qadın bərbəri və dulusçuluq da daxil olmaqla ümumilikdə 11 istiqamət üzrə təlimləri bitirən əlilliyi olan şəxslərin əldə etdikləri bilik və bacarıq səviyyələri yoxlanılıb.

İmtahan komissiyasının qərarına əsasən onlardan 20 nəfərinə şəhadətnamə, 11 nəfərinə ilkin peşə vərdişi şəhadətnaməsi, 4 nəfərinə isə arayış təqdim edilib.

Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi bu kateqoriyadan olan şəxslərin sosial reabilitasiyası üçün mütəmadi tədbirlər görür. Mərkəzdə 15-29 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada müxtəlif peşələr üzrə 3-6 aylıq kurslar təşkil olunur.