31.07.2023

Peşə-əmək reabilitasiyasına cəlb edilən gənclərə şəhadətnamələr təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində peşə hazırlığı keçən gənclər üçün qiymətləndirmə aparılıb. İştirakçıların kurs müddətində biliklərə yiyələnmə səviyyəsini yoxlamaq məqsədi daşıyan qiymətləndirmədə ümumilikdə 16 nəfər əlilliyi olan şəxs iştirak edib.

Sosial Xidmətlər Agentliyi və Dövlət Məşğulluq Agentliyinin nümayəndələrinin iştirakı ilə kompüter istifadəçisi, rəssamlıq, dərzilik, aşpaz köməkçisi, kişi bərbəri, qadın bərbəri də daxil olmaqla ümumilikdə 6 istiqamət üzrə təlimləri bitirən əlilliyi olan şəxslərin əldə etdikləri bilik və bacarıq səviyyələri yoxlanılıb.

İmtahan komissiyasının qərarına əsasən onlardan 16 nəfərinə şəhadətnamə təqdim edilib.

Ümumilikdə isə bu il ərzində müəssisədə 3 dəfə qiymətləndirmə aparılıb və kursları 82 nəfər şəhadətnamə ilə bitirib. Onlardan 24 nəfəri Vətən müharibəsi əlilləridir.

Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi bu kateqoriyadan olan şəxslərin sosial reabilitasiyası üçün mütəmadi tədbirlər görür. Mərkəzdə 15-29 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada müxtəlif peşələr üzrə 3-6 aylıq kurslar təşkil olunur.